Agentlikdə EPAM Systems şirkətinin nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində EPAM Systems şirkətinin nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə Azərbaycanda informasiya texnologiyaları sahəsində bacarıqlara malik gənclərin təlimə cəlb olunması, onların məşğulluğuna dəstək göstərilməsi məsələləri müzakirə olunub.

 

Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və məşğulluğun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. O, İT sahəsində əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasının əhəmiyyətini vurğulayıb. Həmçinin, bu istiqamətdə özəl sektorla əməkdaşlığın əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına və töhfə verə biləcəyi qeyd olunub.

 

EPAM Systems şirkətinin təlim və bacarıqların inkişafı sahəsindəki təcrübəsinin, məşğulluq imkanlarının genişləndirilməsinə və məsafədən iş imkanlarının yaradılmasına töhfə verə biləcəyi vurğulanıb.

 

Görüşdə növbəti mərhələdə konkret təkliflər əsasında əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib.

 

Qeyd edək ki, EPAM Systems proqram mühəndisliyi, bulud xidmətləri, süni intellekt, kibertəhlükəsizlik və məsləhət xidmətləri sahələrində fəaliyyət göstərən qlobal şirkətdir.