Agentlik və SESRIC-in birgə təşkilatçılığı ilə onlayn təlim keçirilib

Təlim “Peşə hazırlığı sisteminin yaşıl enerji və kommunikasiya texnologiyalarına uyğunlaşdırılması” mövzusuna həsr olunub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi-Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) əməkdaşlığı çərçivəsində onlayn təlim keçirilib.

 

Təlim Dövlət Məşğulluq Agentliyi ilə İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında imzalanmış 2024–2026-cı illər üzrə İş Planı çərçivəsində baş tutub.

 

“Peşə hazırlığı sisteminin yaşıl enerji və kommunikasiya texnologiyalarına uyğunlaşdırılması” mövzusuna həsr olunmuş təlimdə Azərbaycan, Türkiyə, Yəmən, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Banqladeş və digər üzv ölkələrdən nümayəndələr iştirak ediblər. Təlimdə üzv ölkələrdə peşə hazırlığı sistemlərinin yaşıl və rəqəmsal iqtisadiyyatın artan tələblərinə uyğun şəkildə yenidən qurulması istiqamətləri müzakirə edilib.  

 

Agentliyin nümayəndələri təlim iştirakçıları üçün bərpa olunan enerji və kommunikasiya texnologiyaları üzrə bacarıqların peşə hazırlığı proqramlarına inteqrasiyası, dayanıqlı sənaye təcrübələrinin təşviqi və gələcək əmək bazarının tələblərinə uyğun proqramların hazırlanması ilə bağlı geniş təqdimat ediblər.

 

Təlim çərçivəsində innovativ yanaşmalar nümayiş etdirilib, yaşıl bacarıqların inkişafı sahəsində ən yaxşı təcrübələr bölüşülüb.