Agentlik tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə elan olunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə maarifləndirici və inkişafyönümlü tədbirlər həyata keçirilib.
 

Tədbirlərin əsas məqsədi Konstitusiyamızda təsbit olunmuş əmək, məşğulluq və sosial təminat hüquqlarının təşviqi, milli suverenlik dəyərlərinin gənclər arasında təbliği olub.
 

Bu çərçivədə Agentliyin “İşgüzar söhbətlər”, “Kəndimə gəl”, “Açar” layihələri üzrə müxtəlif təlimlər təşkil edilib, həmçinin DOST mərkəzlərində və Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzində seminarlar və qrup konsultasiyaları keçirilib.
 

Təlim və seminarlar zamanı “Gələcəyin peşələri: yeni bacarıqlar, yeni imkanlar”, “Düzgün CV hazırlığı”, “İş müsahibəsinə hazırlıq”, “İş axtarışı alətləri və şəxsi brendinq”, “CV və istək məktubunun hazırlanması” mövzularında iştirakçılara ətraflı məlumatlar verilib, əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş praktik nümunələr təqdim olunub.
 

Eyni zamanda tədbirlər çərçivəsində “Konstitusiya və Suverenlik İli” ilə bağlı xüsusi sessiyalar təşkil edilərək iştirakçılara Azərbaycan Respublikasının Konstitusiya tarixinin əsas mərhələləri, milli suverenliyimizin möhkəmləndirilməsi istiqamətində əldə olunmuş nailiyyətlər və vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.