Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyinin sədri: “Bizim əsas məqsədimiz gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmalarına dəstək verməkdir”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdaş rayonunda Region Gənclərinin Məşğulluq Forumu keçirilib.
Tədbirin məqsədi regionlarda yaşayan gənclərə müasir və gələcək yönümlü peşələrin tanıdılması, xaricdə təhsil və inkişaf imkanları barədə düzgün məlumatın verilməsi və fərdi istedadların aşkarlanaraq onların inkişaf etdirilməsi yollarını aşılamaq olub.
Tədbirdə çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə bildirib ki, region gənclərinin məşğulluğunun artırılması, onların əmək bazarına uğurlu inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, qeyd edib ki, gənclərin düzgün peşə seçimi etmələri, müasir bacarıqlara yiyələnmələri və öz potensiallarını reallaşdırmaları üçün bu kimi platformalar mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, regionlarda yaşayan gənclərin keyfiyyətli təhsil, peşə hazırlığı və karyera imkanlarına çıxışının genişləndirilməsi onların gələcək uğurlarında mühüm rol oynayır. Millət vəkilinin sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən layihələr, məşğulluq proqramları və maarifləndirici təşəbbüslər onların əmək bazarına daha hazırlıqlı daxil olmalarına xidmət edir.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov çıxışında qeyd edib ki, son dövrlər müşahidə olunan süni intellekt, avtomatlaşdırma və rəqəmsallaşma bir tərəfdən bəzi ənənəvi peşələri dəyişir, digər tərəfdən isə tamamilə yeni imkanlar yaradır və Agentlik də öz fəaliyyətində bu tendensiyaları nəzərə alır. “Bu gün əmək bazarında işəgötürənlər ali təhsilli kadrlarla yanaşı, analitik düşüncə, rəqəmsal bacarıqlar, ünsiyyət qabiliyyəti, çeviklik və ömürboyu öyrənmə bacarığı olan insanlara üstünlük verirlər. Bu səbəbdən gənclərimiz peşə seçərkən yalnız bu günün deyil, sabahın əmək bazarını da nəzərə almalıdırlar. Dövlət Məşğulluq Agentliyi olaraq bizim əsas məqsədimiz də gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmalarına dəstək verməkdir”, - deyə H.Abbasov vurğulayıb.
Daha sonra forum panel müzakirəsi ilə davam etdirilib. Paneldə Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov “Əmək və məşğulluq siyasəti və gənclərin əmək bazarına keçidi”, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Gələcəyin əmək bazarında bərpa olunan enerji mənbələrinin rolu”, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə “Aqrar innovasiyalar və region gəncləri üçün karyera imkanları” mövzularında çıxış ediblər.
Panel müzakirəsində dövlət qurumlarının nümayəndələri tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənib.
Qeyd edək ki, forum çərçivəsində gənclər üçün peşə və məşğulluq yarmarkası təşkil olunub, müasir peşələrlə bağlı tanıtım stendləri qurulub, eləcə də region gənclərinin uğur hekayələrini əks etdirən sərgi təqdim edilib.