Ağdamda növbəti əmək yarmarkası olacaq, 160-dan çox vakansiya təqdim ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Ağdam rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.
 

Aktiv məşğulluq tədbiri iyunun 19-u saat 11:00-da “Hilton Garden Inn Agdam” hotelində keçiriləcək.
 

Tədbirdə işaxtaran şəxslərə 20 müəssisə tərəfindən əməliyyatçı mühasib, avtoçilingər, dəzgah operatoru, dərzi, mühəndis, elektrik-qaz qaynaqçısı, ofisiant, çeşidləyici, avtokar sürücüsü, mexanik və s. peşə istiqamətləri üzrə 160-dan çox vakansiya təqdim ediləcək.
 

Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək. 
 

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.