Ağdam, Xocalı, Cəbrayılda sakinlərlə, Xankəndi və Zəngilanda işəgötürənlərlə görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları Ağdam, Xocalı və Cəbrayıl rayonlarında sakinlərlə növbəti səyyar görüşlər keçiriblər.
 

Görüşlər zamanı sakinlərin məşğulluq imkanları qiymətləndirilib, onların peşə bacarıq və təcrübələri, hansı fəaliyyət sahələrində işləməyə olan maraqları müəyyən edilib.  Sakinlərə Agentliyin xidmətləri, aktiv məşğulluq tədbirləri (işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s.) barədə məlumat verilib.
 

Qiymətləndirmələrin nəticələrinə uyğun olaraq, sakinlərin qeyd edilən proqramlara cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılıb.
 

Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi və Zəngilanda isə işəgötürənlərlə görüşlər keçirilib. İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı istiqamətində görülən birgə işlərdən bəhs olunub.
 

Agentliyin fəaliyyət istiqamətləri, işəgötürənlərlə birgə icra etdiyi proqramlar, o cümlədən əlavə iş yerlərinin yaradılması, məqsədli proqramlar və s. barədə işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.