Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası, Azərbaycan Dövlət Reklam Agentliyinin tərəfdaşlığı ilə keçirilən 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”nin tərəfdaşlarından biri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu il də sərgidə ayrıca stend ilə təmsil olunur.
Bu gün rəsmi açılışı olan sərgidə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və digər rəsmi şəxslər Dövlət Məşğulluq Agentliyinin stendi ilə tanış olublar. Onlara Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Dörd gün davam edəcək sərgi çərçivəsində Agentlik tərəfindən sosial tərəfdaşların da iştirakı ilə əmək yarmarkaları təşkil olunur. Həmçinin, stendə yaxınlaşan işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə ətraflı məlumat verilir, karyera məsləhətçiləri tərəfindən şəxslərin təhsil, bacarıq və şəxsi keyfiyyətlərinə uyğun peşəyönümü məsləhət xidmətləri göstərilir. Eyni zamanda, işəgötürənlərə onların fəaliyyətlərinin dəstəklənməsinə yönəlmiş xidmət və mexanizmlər barədə məlumat verilir.
Bundan başqa, Agentliyin stendində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işlərinin sərgisi və satışı təşkil olunur.
Qeyd edək ki, “Bakı Ekspo Mərkəzi”ndə keçirilən sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir. Sərgi iyunun 20-dək davam edəcək.
“Yerli şirkətlərin tanıtım sərgisi” artıq 7 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir.