Bakı və Ağdaşda keçirilən yarmarkalarda 26 işəgötürən tərəfindən daha 430 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib. 

 

Bakı Regional Məşğulluq filialı tərəfindən Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən aktiv məşğulluq tədbirində 9 müəssisə tərəfindən 311 iş yeri təqdim edilib, işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb.

 

Növbəti əmək yarmarkası Mərkəzi Aran Regional Məşğulluq filialı tərəfindən Ağdaşda təşkil edilib. Tədbirdə 17 müəssisə tərəfindən 119 vakansiya təqdim edilib.   

 

Hər iki tədbirdə vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar barədə məlumat verilib.