Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduSosial-iqtisadi inkişaf strategiyasında məşğulluğun artırılması, işsizliyin azaldılması və həssas əhali qruplarının əmək bazarına inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər həyata keçirilən sistemli islahatlar arasında “Məşğulluğa Dəstək Layihəsi” (MDL) xüsusi əhəmiyyət daşıyır. Layihə həm də insanların davamlı gəlir əldə etmələrinə, kiçik sahibkarlığın inkişafına və iqtisadi fəallığın artmasına xidmət edən mühüm inkişaf modelidir.
2020–2025-ci illəri əhatə edən layihənin birinci mərhələsində işsiz və həssas əhali qruplarının özünüməşğulluğunun genişləndirilməsi, kiçik sahibkarlığın inkişafı və formal əmək bazarına inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə edilib. Planlaşdırılandan daha çox vətəndaşın layihədən faydalanması, beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi layihənin effektivliyinin mühüm göstəricisidir.
Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Hasil Abbasovla söhbətimiz layihənin səmərəliyi və nəticələri barədədir.
– Bu önəmli sosial layihənin icrasının birinci mərhələsinin nəticələri hansı qənaəti yaradır?
– Özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyət daşıyaraq, işsiz və işaxtaran şəxslərin məşğulluğunun dəstəklənməsində və kiçik biznesə çıxış əldə etmələrində xüsusi önəm kəsb edir. MDL-in birinci mərhələsi üzrə əldə olunmuş nəticələr göstərir ki, layihə həm kiçik sahibkarlığın inkişafında, həm də yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayıb. Üstəlik, Türkiyə, ABŞ və İtaliyadan olan yüksək təcrübəyə malik böyük şirkətlərin və yerli partnyorların mütəxəssisləri də layihənin icrasına töhfə veriblər.
Bu gün 26 mindən çox işsiz şəxs özünüməşğulluq proqramı çərçivəsində 28 biznes ideya üzrə avadanlıqlarla təmin edilib. Benefisiarlar layihə çərçivəsində Beynəlxalq Əmək Təşkilatının “Öz biznesini başlat və təkmilləşdir” proqramı üzrə təşkil olunan maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması və digər mövzular üzrə təlimlərə cəlb ediliblər. Onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar aşılanıb. Təlimin sonunda biznes plan hazırlanıb və qiymətləndirmə komissiyası tərəfindən qiymətləndirilib. Sonra onlar müvafiq zərflər üzrə aktivlərlə təmin ediliblər. Avadanlıqlar verildikdən sonra MDL və Dövlət Məşğulluq Agentliyinin əməkdaşları mütəmadi olaraq benefisiarların iş yerlərinə müşahidə səfərləri təşkil edib, biznesin inkişafı istiqamətində məsləhətlər veriblər. Bir ilin sonunda avadanlıqlar işlək olubsa və fəaliyyət davam edibsə, aktivlər vətəndaşın mülkiyyətinə keçib.
Layihə çərçivəsində qurduqları kiçik bizneslərini uğurla inkişaf etdirən benefisiarlara bizneslərinin genişləndirilməsinə əlavə dəstək olaraq “Həvəsləndirmə mükafatları”, “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” və “İş yerində təcrübə” proqramlarından yararlanmaq imkanları təklif olunub.
“Həvəsləndirmə mükafatları” proqramı biznes fəaliyyətinə başlamış benefisiarlara bizneslərinin genişləndirilməsi üçün əlavə avadanlıq dəstəyinin göstərilməsini nəzərdə tutur. “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” proqramı isə uğurlu benefisiarların yanında işsiz və ya işaxtaran şəxsləri işlə təmin edir, o cümlədən benefisiarların sahibkarlıq bacarıqlarının inkişafına dəstək verir. Layihə çərçivəsində işəgötürənlərə işə qəbul etdikləri şəxslərin əməkhaqlarının subsidiyalaşdırılması məqsədilə 6 ay müddətində maliyyə dəstəyi göstərilir.
Subsidiyanın ilk 3 ayında işçinin əməkhaqqının 100 faizi, növbəti 3 ayında isə 50 faizi qarşılanır. “İş yerində təcrübə” proqramı işsiz və işaxtaran şəxslərə iş yerlərində öyrənmək və təcrübə keçmək imkanı yaradır. Əmək bazarının tələblərinə uyğun ilkin bacarıq əldə etməyə, biznesin daha dayanıqlı olmasına, sahibkarlıq fəaliyyətinə dair bilik və bacarıqlarının formalaşmasına kömək edir.
Qeyd edə bilərik ki, benefisiarların məmnunluğunun ölçülməsinə dair qiymətləndirmə zamanı 97 faiz lik nəticə əldə olunub ki, bu da layihəyə olan yüksək etimadı və həyata keçirilən dəstək mexanizmlərinin effektivliyini göstərir. Eyni zamanda, layihə çərçivəsində dəstək almış benefisiarların 89 faizi öz biznesini qurub, 83 faizi fəaliyyətini 24 aydan artıq müddətdə davam etdirib.
– Məşğulluğa dəstək yeni iş yerlərinin yaradılmasına və kiçik sahibkarlığın inkişafına necə kömək edir?
– Benefisiarlar biznes aktivləri ilə təmin olunduqdan sonra onlara 1 il müddətində davamlı mentorluq və müşahidə dəstəyi göstərilir. Bu müddət ərzində monitorinq səfərləri həyata keçirilir, biznes fəaliyyətinin inkişafı izlənilir, yaranan suallar cavablandırılır, praktiki məsləhətlər verilir və qarşıya çıxan problemlərin həlli istiqamətində dəstək göstərilir. Bu yanaşma yaradılmış bizneslərin dayanıqlılığının təmin edilməsinə və onların uğurlu inkişafına xidmət edir. Bir az əvvəl də qeyd etdiyim kimi, bir ilin sonunda avadanlıqlar benefisiarların mülkiyyətinə verildikdən sonra onlar “Həvəsləndirmə mükafatı” müsabiqəsində iştirak edib bizneslərini böyütmək üçün əlavə avadanlıq əldə edə bilərlər.
MDL çərçivəsində həyata keçirilən “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” dəstək mexanizmi vasitəsilə sosial cəhətdən həssas qrupdan olan işsiz şəxslə rəsmi əmək müqaviləsi bağlanır. Bu yanaşma qeyri-formal məşğulluğun azaldılması və dayanıqlı məşğulluğun təşviqi baxımından əhəmiyyətli model kimi qiymətləndirilir. Hədəflərdən biri də benefisiarların qeyri-formal fəaliyyətdən formal əmək bazarına keçidinə dəstək olmaqdır.
Məqsəd yaradılan hər bir biznesin rəsmi fəaliyyət göstərməsi, sahibkarların vergi orqanlarında qeydiyyata alınması, qanunvericiliyə uyğun olaraq vergi və sosial ödənişlərin müntəzəm olaraq həyata keçirilməsidir. Bu, təkcə biznesin dayanıqlılığının təmin olunması deyil, eyni zamanda, sahibkarların dövlət tərəfindən təqdim olunan dəstək mexanizmlərindən gələcəkdə də faydalanmasına, ölkədə şəffaf və davamlı məşğulluğun inkişafına töhfə verir. Layihə qadınlar arasında işsizliyin aradan qaldırılmasında da xüsusi rol oynayır. Belə ki, bu gün MDL-ə cəlb olunaraq öz kiçik bizneslərini quranların 40 faizini məhz qadınlar təşkil edir.
– Regionlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə layihənin məşğulluğun artırılmasına təsirləri ilə bağlı nə deyərdiniz?
– MDL Azərbaycanın bütün regionlarını əhatə edən sosial cəhətdən inklüziv bir layihədir. Sosial vəziyyətindən asılı olmayaraq, bütün işsiz və işaxtaran vətəndaşlar layihədə iştirak etmək hüququna malikdirlər. Əsas məqsəd insanların dayanıqlı məşğulluğunu təmin etmək, istehsal və xidmət sahələrində fəaliyyətlərini dəstəkləməkdir. Bununla yanaşı, layihə sosial baxımdan həssas əhali qruplarına xüsusi diqqət yetirir. Məcburi köçkünlər, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ünvanlı dövlət sosial yardım alan ailələr, qadınlar, gənclər və əlilliyi olan şəxslər layihənin prioritet hədəf qruplarını təşkil edir.
Bugünədək ölkə üzrə biznes aktivləri ilə təmin olunmuş 26 mindən çox şəxs arasında 2 765 müharibə iştirakçısı və şəhid ailəsinin üzvü, həmçinin 2 018 keçmiş məcburi köçkün yer alır. Bu göstəricilər layihənin sosial inklüzivlik prinsipinə uyğun şəkildə həyata keçirildiyini təsdiq edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə layihənin icrası Böyük Qayıdış Proqramının məqsədlərinə dəstək verir. Artıq işğaldan azad olunmuş ərazilərdə 738 şəxs layihə çərçivəsində aktivlərlə təmin olunub. Gələcəkdə işğaldan azad olunmuş ərazilərə köçən keçmiş məcburi köçkünlərin özünüməşğulluq imkanlarının genişləndirilməsi və onların dayanıqlı gəlir mənbələri ilə təmin olunması əsas prioritet istiqamətlərindən biri olaraq qalacaq.
– Dünya Bankının bu layihəyə verdiyi yüksək qiymət nəyi ifadə edir?
– MDL Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidentinin 2024-cü il mükafatına layiq görülüb. Bu nüfuzlu mükafat innovativ həllərin tətbiqi, həssas əhali qruplarının sosial rifahının yaxşılaşdırılması və inklüziv iqtisadi inkişafın təşviqi istiqamətində əldə olunan mühüm nəticələrə görə təqdim edilir. İlkin hədəf 22 min işsiz şəxsin özünüməşğulluğunun dəstəklənməsi olsa da, artıq 26 mindən çox işsiz biznes aktivləri ilə təmin olunaraq iqtisadi fəaliyyətini qurmaq imkanı əldə edib. Bu uğurlu nəticələr nəzərə alınaraq layihənin ikinci mərhələsində daha 30 min işsiz şəxsin özünüməşğulluğa cəlb edilməsi nəzərdə tutulur.
Layihə yalnız kəmiyyət göstəriciləri ilə deyil, keyfiyyət nəticələri ilə də seçilir. Bizneslərin böyük əksəriyyətinin fəaliyyətini davam etdirməsi, ailə gəlirlərinin artması, həyat keyfiyyətinin yaxşılaşması və benefisiar məmnunluğunun yüksək səviyyədə olması göstərir ki, layihə dayanıqlı məşğulluğun yaradılmasına və yoxsulluğun azaldılmasına töhfə verir. Benfisiarlar arasında keçirilmiş sorğunun nəticələrinə əsasən aktivlərlə təmin olunmuş şəxslərin 49,5 faizi biznesini genişləndirməyi planlaşdırır, 60,3 faizi aylıq ailə gəlirlərini artırıb, 56,3 faizinin isə həyat keyfiyyəti yaxşılaşıb.
Layihə özünüməşğulluğun təşkili, bizneslərin monitorinqi, mentorluq mexanizmləri və rəqəmsal idarəetmə alətlərinin tətbiqi baxımından Dünya Bankı tərəfindən Avropa və Mərkəzi Asiya regionunda genişmiqyaslı layihə kimi qeyd olunur və nümunəvi təcrübələrdən biri kimi qiymətləndirilir. Əldə olunan nəticələri Dünya Bankı regionun digər ölkələri ilə də paylaşır və uğurlu model kimi təqdim edir.
– Məşğulluğa dəstək layihəsinin ikinci mərhələsi (2026–2029) hansı yenilikləri və hədəfləri nəzərdə tutur?
– İkinci mərhələdə əsas diqqət özünüməşğulluq proqramı çərçivəsində yaradılmış mikro və kiçik bizneslərin dayanıqlılığının artırılmasına, onların inkişaf potensialının gücləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və işsiz şəxslərin formal əmək bazarına inteqrasiyasına yönəldilir. Bu mərhələdə yanaşma yalnız benefisiarlara biznes qurmaq üçün ilkin dəstəyin göstərilməsi ilə məhdudlaşmır. Belə ki, 30 min şəxsə avadanlıqların verilməsi və biznesin inkişaf etdirilməsi planlaşdırılıb.
Eyni zamanda, yaradılmış bizneslərin genişləndirilməsi, benefisiarların real işəgötürənə çevrilməsi və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun praktiki bacarıqlar əldə etməsi nəzərdə tutulur. Bu məqsədlə birinci mərhələdə icrasına başlanan və ümumilikdə 2550 nəfəri əhatə edən “Həvəsləndirmə mükafatları”, “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” və “İş yerində təcrübə” proqramları ilə yanaşı, ikinci mərhələdə “Şagirdlik” proqramı da icra olunacaq. Proqram üzrə 1500 nəfərin işəgötürənlərin iştirakı ilə praktiki peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur.
“Şagirdlik” proqramı xüsusilə peşə təcrübəsi məhdud olan şəxslərin konkret peşə və ixtisaslar üzrə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar qazanmasına xidmət edəcək. Bu proqramın tətbiqi işəgötürənlərin kadr ehtiyaclarının qarşılanmasına, işsiz və işaxtaran şəxslərin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına və təlimlə məşğulluq arasında əlaqənin gücləndirilməsinə imkan yaradacaq.