WAPES

Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) 1988-ci ildə üzv ölkələr arasında məşğulluq və əmək bazarı məsələləri barədə fikir mübadiləsi aparmaq üçün qurulmuşdur. WAPES özlüyündə 80 dövlətin məşğulluq qurumunu və bir milyon əməkdaşını əhatə edir. Təşkilatın əsas dəyərləri kommersiya məqsədi güdməməsi, şəffaflıq, bərabərlik və yüksək keyfiyyətli xidmətdir.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) WAPES-ın üzvüdür. Hal-hazırda WAPES ilə DMA arasında əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirilir. DMA WAPES-in müxtəlif görüş və tədbirlərində aktiv şəkildə təmsil olunur.

 

2021-ci ilin sentyabr ayında DMA və Türkiyə Respublikasının İş Qurumunun (“İŞKUR”) əməkdaşlığı çərçivəsində WAPES-a üzv təşkilatlar üçün “Postpandemiya dövründə karyera inkişafı və ixtisas seçimi” mövzusunda virtual konfrans təşkil edilib.

 

2022-ci ilin aprel ayında Estoniya Respublikasının Tallin şəhərində WAPES tərəfindən “Davamlı dəyişən əmək bazarında məşğulluq xidmətlərinin problemləri və innovativ yanaşmalar” mövzusunda Dünya Konqresi keçirilmiş və DMA-nın nümayəndə heyəti Konqresdə iştirak etmişdir. Konqres çərçivəsində DMA tərəfindən “Texnoloji innovasiyalar və xidmətlərin göstərilməsi zamanı süni intellektdən istifadə sahəsində məşğulluq xidmətlərinin təcrübəsi” mövzusunda üzv ölkələr üçün DMA-nın rəqəmsal layihələri haqqında təqdimat edilib.  

 

2022-ci ilin sentyabr ayında WAPES ilə Almaniya Federativ Respublikasının Məşğulluq Xidmətinin (BA) birgə əməkdaşlığı çərçivəsində Avropa regionu üçün "Transmilli miqrasiya idarəçiliyində məşğulluq xidmətlərinin rolu və ikitərəfli əməkdaşlıq formaları” mövzusunda tədbir keçirilmiş və DMA tərəfindən nümayəndə heyətinin sözügedən tədbirdə iştirakı təmin edilmişdir.