SOCIEUX+

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) və SOCIEUX+ arasında 2021-ci ildən etibarən əməkdaşlıq etmək məqsədilə aparılan müntəzəm danışıqlar nəticəsində peşə təhsili müəssisələrinin xəritələşdirilməsi və təkmilləşdirilməsi məqsədilə texniki yardım əldə edilməsinə dair razılığa gəlinib. Razılaşmaya əsasən üç mərhələdən ibarət olmaqla 2022-ci ilin iyun, sentyabr və noyabr aylarında İsveç Krallığının Məşğulluq Xidmətindən ekspertlərin DMA-ya səfəri razılaşdırılıb. 


SOCIEUX+ Avropa İttifaqı (Aİ) tərəfindən yaradılmış və birgə maliyyələşdirilən texniki əməkdaşlıq mexanizmidir. SOCIEUX+ Avropa İttifaqına üzv dövlətlər və 155-dən çox tərəfdaş ölkə arasında bərabərhüquqlu mübadilə və əməkdaşlığını təmin edir.


Əməkdaşlığın və razılaşdırılmış texniki dəstəyin əsas məqsədi ölkəmizdə Avropa, xüsusilə İsveç təcrübəsini tətbiq etməklə peşə hazırlığı proqramını yeniləmək, əməkdaşların peşəkarlığını artırmaq və əmək bazarına uyğun peşəkar kadrlar hazırlamaqdır.