Kvotadan əlavə iş yerləri üzrə iş

Xidmət haqqında qısa məlumat

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə əlavə iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə xidmət göstərilir.

İşəgötürənlər proqrama necə müraciət edə bilər?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kvota şamil edilməyən müəssisələrin siyahısı” ilə müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlar (bundan sonra – işəgötürənlər) kvotadan əlavə yaratdıqları iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi ilə bağlı müraciət edə bilərlər.

 

Kvotadan əlavə iş yerlərində əməkhaqqının maliyyələşdirilməsi üçün müraciət etmək istəyən işəgötürənlər “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) bu Qaydanın əlavəsinə uyğun olaraq “Kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi üçün Ərizə”ni (bundan sonra – Ərizə) dolduraraq elektron imza ilə təsdiq edir. 

 

İşəgötürənin müraciətinə hansı müddətdə baxılır? 

Müraciət qeydə alındıqdan sonra Agentlik 15 (on beş) iş günü ərzində işəgötürənin tələblərə uyğunluğunu araşdırır. 

 

Yaradılacaq iş yerlərinin hansı hissəsi maliyyələşdirilir? 

Kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə Nazirlik tərəfindən təsdiq edilən faiz dərəcələri tətbiq olunmaqla hesablanır.

 

Maliyyələşdiriləcək əlavə iş yeri sayı nə qədərdir?

Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamalıdır.

 

İşəgötürənlə işçi arasında hansı müddətə əmək müqaviləsi bağlanılır?

2 (iki) ildən az olmayan müddətə.

 

Monitorinq necə aparılır?

Agentlik Müqavilənin qüvvədə olduğu müddət ərzində ildə bir dəfədən az olmayaraq kvotadan əlavə yaradılmış iş yerlərinin monitorinqini aparır. İşəgötürənlərin kvotadan əlavə iş yerləri üzrə işə qəbul etdikləri işçilər və onlara ödənilən əməkhaqqı barədə məlumatlar ƏMAS üzərindən yoxlanılır və məcburi dövlət sosial sığortası (işsizlikdən sığorta) üzrə rüblük hesabatla üzləşdirilir.

 

Kvotadan əlavə iş yerlərinə işçilərin işə qəbul hansı qaydada həyata keçirilir?

Kvotadan əlavə iş yerlərinə işçilərin işə qəbulu Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və ya “DOST” mərkəzlərinin göndərişi ilə həyata keçirilir.

 

İşəgötürənlər tərəfindən kvotadan əlavə iş yerlərinə işçilərin işə qəbul haqqında qərar hansı qaydada verilir?

İşəgötürən “Əmək və məşğulluq” altsistemi tərəfindən elektron qaydada göndəriş təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində şəxsləri vakansiyaya uyğun işlə təmin etməsi və ya vakansiya üzrə işə qəbulundan imtina etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı “Əmək və məşğulluq” altsisteminə daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.

 

Kvotadan əlavə iş yerlərinə qəbul olunmuş işçi ilə işəgötürən arasında əmək müqaviləsinə xitam verildikdə proses necə tənzimlənir?

Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilir. Yeni işçi təyin edilən zaman həmin iş yeri üzrə əvvəlki işçinin əməkhaqqının maliyyələşdirilməsi dövrü nəzərə alınır.