Birgə maliyyələşmə

Xidmət haqqında qısa məlumat

İşaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənlərə boş iş yeri üzrə işə götürdükləri işçinin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə xidmət göstərilir.

Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla son 1 (bir) ildə fəaliyyətdə olan işəgötürənlər proqrama müraciət edə bilərlər. 

İşəgötürənlər proqrama necə müraciət edə bilər?

Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında "Reyestrlər" pəncərəsində "Birgə maliyyələşmə üzrə reyestr" bölməsinə daxil olaraq sağ küncdə yer alan "Müraciət et" düyməsini klikləyərək "Əmək və məşğulluq" altsisteminə keçid edə və proqrama müraciət edə bilərlər. 

 

İşəgötürənin müraciətinə hansı müddətdə baxılır? 

10 iş günü ərzində;                    

- İşəgötürənin  müraciəti qəbul edilir;

- İşəgötürənin  məlumatları təhlil edilir;

- İşəgötürənə proqramda iştirakı ilə bağlı müsbət və ya imtina səbəbi bildirilir.

 

"Əmək və Məşğulluq" alt sistemindən istifadə etməklə işəgötürənlər özləri üçün kadr seçə bilərlərmi ?

Bəli. İşəgötürənlər şəxsi kabinetlərindən istifadə etməklə "İşaxtaranlar" bölməsindən işçi heyəti seçə bilərlər.

 

İşəgötürənlərlə iş yerlərinin hansı müddətdə maliyyələşməsi həyata keçirilir?

3 aydan 12 ayadək həyata keçirilir.

 

İşəgötürənin müraciət etdiyi vəzifə üzrə əməkhaqqının hansı hissəsi maliyyələşdirilir?

Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərti ilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.

 

İşəgötürənlə işçi arasında əmək müqaviləsində sınaq müddəti müəyyən edilirmi?

Bəli. 3 aydan çox olmamaq şərti ilə.

 

Hansı hallarda maliyyələşmə proqramı çərçivəsində iş yerlərinə göndəriş verilmir?

İşçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “ç” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir.

 

Kimlər müraciət edə bilər?

Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.