Məşğul şəxslərin reyestri haqqında məlumat
Məşğul şəxslərin reyestrinin əsas məqsədi Azərbaycan Respublikasında məşğul şəxslərin və Azərbaycan Respublikası vətəndaşlarından xarici ölkələrdə əmək fəaliyyəti ilə məşğul olan şəxslərin reyestrinin formalaşdırılmasıdır. Məşğul şəxslər barədə məlumatları özündə əks etdirən vahid informasiya bazasının formalaşdırılmasını təmin edən Məşğul şəxslərin reyestri, əmək bazarının tendensiyasının və mobilliyinin nəzarət və təhlili edilməsinə də imkan verəcəkdir. Məşğul şəxslərin reyestrində qanunvericilikdə məşğul hesab edilən şəxslərin məlumatları öz əksini tapacaqdır. Əmək bazarı ilə bağlı informasiya resurslarını inkişaf etdirmək, təhlillərə əsaslanaraq qeyri-formal məşğulluğa nəzarət tədbirlərini daha da gücləndirmək məqsədilə yaradılan xidmətdə məşğul şəxslərin iş yerləri, torpaq pay mülkiyyətçiləri, ailə kəndli təsərrüfatının üzvləri, sahibkarlar, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər və s. barədə məlumatlar toplanacaqdır.
Məşğul şəxslər kimlərdir?
Məşğul şəxslərə aşağıdakılar aiddir:
- Muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
- Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
- Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
- Haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
- Ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
- Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
Məşğul şəxslərin reyestri nədir?
Məşğul şəxslər barəsində fərdi məlumatlardan, onların təhsili, iş yeri, vəzifəsi (peşəsi) və ya yerinə yetirdiyi iş (xidmət) barədə məlumatların məcmusudur.
Məşğul şəxslər barədə məlumatları kimlər əldə edə bilər?
Reyestrin məlumatlarından fərdi məlumatların mühafizəsinə dair tələblər nəzərə alınmaqla istifadə olunur.
Reyestrdə olan məlumatlardan istifadə etmək üçün dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, elmi müəssisə və təşkilatlar və digər hüquqi və fiziki şəxslər Nazirliyə əsaslandırılmış sorğu ilə müraciət edə bilərlər.
Fiziki şəxslər reyestrdə yalnız özləri ilə bağlı məlumatları sorğu edə bilərlər.
Sorğu edilmiş məlumat və ya həmin məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab sorğunun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində Nazirlik tərəfindən verilməlidir.
Məşğul şəxslər barəsində məlumatların əldə edilməsi və reyestrə daxil edilməsi
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində göstərilən məşğul şəxslərə dair məlumatlar məşğul şəxslərin reyestrinə “Fərdi məlumatlar”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarına və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarına uyğun olaraq, aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:
- “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.1-ci maddəsində göstərilən məşğul şəxslərə münasibətdə:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlamış şəxslər (bu Qanunun 4.4.1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
- “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.3-cü maddəsində göstərilən sahibkarlar, 4.1.2-ci, 4.1.4-cü, 4.1.5-ci və 4.1.7-ci maddələrində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
- “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə kəndli təsərrüfatının üzvləri barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı “Elektron kənd təsərrüfatı” informasiya sisteminə yerli özünüidarəetmə orqanlarının ailə kəndli təsərrüfatı üzvləri barədə daxil etdiyi məlumatlar əsasında;
- “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin daşınmaz əmlakın qeydiyyatına dair və məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı “Elektron kənd təsərrüfatı” informasiya sisteminin məlumatları əsasında;
- “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.6-cı maddəsində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;
- “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1.8-ci maddəsinə göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq əldə edilən məlumatlar əsasında.
Zəruri olan sənədlərin siyahısı
Şəxsiyyət vəsiqəsi
Əcnəbilər və vətəndaşlığı olmayan şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi
Müddət
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.4.10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 4.1.8-ci maddəsində nəzərdə tutulmuş məşğul şəxslərə dair məlumatları əldə edildiyi gündən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada təqdim etməlidir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.4.1-ci, 4.4.2-ci, 4.4.3-cü, 4.4.4-cü və 4.4.8-ci maddələrində nəzərdə tutulmuş məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci 1 (bir) ay müddətində daxil edilir.
Kimlər müraciət edə bilər?
Məşğul şəxslərin reyestrində “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən məşğul şəxslər barəsində məlumatların əldə edilməsi və reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
Reyestrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məşğul şəxs hesab edilənlərin məlumatları məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə həyata keçirilir.
Qeyd
Məşğul şəxslərin reyestri sadəcə fəaliyyət istiqaməti olub, dövlət xidməti deyildir. Bununla belə Məşğul şəxslərin reyestri “Əmək münasibətləri və məşğulluq altsistemi”nin (ƏMAS) tərkibində fəaliyyət göstərəcəkdir. Məşğul şəxslərin reyestri hazırda hazırlanma mərhələsində olduğu üçün keçid linki yoxdur. Ancaq ƏMAS-ın tərkibində fəaliyyət göstərəcəyi üçün ƏMAS-ın linki yerləşdirilə bilər.