Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək ehtiyatlarından daha səmərəli istifadə etmək iqtisadi inkişafı sürətləndirmək üçün əsas meyarlardandır. Əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi üçün tədbirlərin bir-birini tamamlayan şəkildə həyata keçirilməsi ölkənin məşğulluq strategiyasının uğurla reallaşdırılmasına, əmək bazarının düzgün istiqamətlər üzrə formalaşdırılmasına imkan yaradır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri Elman Sadıqov məşğulluqla bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- 2024-cü ildə Azərbaycanda işsizlik səviyyəsinin hansı həddə olacağı gözlənilir?
- Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, hazırda ölkədə işsizliyin səviyyəsi 5,46% həddindədir. 2024-cü ildə bu göstəricinin 5% civarında olacağı proqnozlaşdırılır. Bu gün ölkə iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri işsizlik göstəricisini ölkə üçün məqbul sayıla biləcək həddə qədər azaltmaqdır. Adətən demoqrafik artımı yüksək olan ölkələr üçün bu, daha çətin olur. Çünki əmək bazarına hər il yeni işçi qüvvəsi daxil olur və iqtisadi fəal əhalinin sayı artır. Demoqrafik artımı zəif və ya mənfi olan ölkələrdə isə bu vəzifənin öhdəsindən gəlmək daha asandır, lakin orada da müəyyən dövrlərdə işçi qıtlığı meydana gəlir. Bunun ən geniş tətbiq olunan çıxış yolu immiqrasiya proqramlarıdır ki, onlar da xüsusilə inkişaf etmiş ölkələr tərəfindən aktiv şəkildə istifadə edilir. Bir məsələni qeyd etməliyəm ki, biz istər xidmət, istərsə də istehsal sahəsindəki imkanlarımızı genişləndirmək və yeni iş yerləri açmaqla demoqrafik artımı və əmək bazarına daxil olan yeni işçi qüvvəsi göstəricilərini kompensasiya edə bilərik.
"Xidmət, istehsal sahəsindəki imkanlarımızı genişləndirmək və yeni iş yerləri açmaqla demoqrafik artımı və əmək bazarına daxil olan yeni işçi qüvvəsi göstəricilərini kompensasiya edə bilərik".
- Son illərdə əmək bazarına daxil olan şəxslərin sayında hansı tendensiya müşahidə edilir və onlar daha çox hansı səviyyədə təhsil alanlardır?
- Qeyd etdiyimiz kimi, biz də demoqrafik artımı yüksək olan ölkələrdənik. 2005-2015-ci illərdə Azərbaycanda əhalinin illik orta artım göstəricisi 150 min nəfər olub. Həmin şəxslər bu gün əmək bazarına daxil olmağa başlayıblar. Onların təhsil, məşğulluq məsələləri, ən azı, növbəti 10 il ərzində əsas prioritet istiqamətlərdən biri kimi qalacaq. Vəfat edənləri, yaşla əlaqədar əmək bazarından uzaqlaşanları və digər amilləri nəzərə aldıqda, hər il işçi qüvvəsinin təxminən 50-55 min nəfər artması gözləniləndir. Bu da 10 milyonluq bir ölkənin iqtisadiyyatı üçün böyük potensialdır.
Daha bir önəmli faktı qeyd edim. Bu gün iqtisadiyyatımız üçün ən böyük şanslardan biri işçi qüvvəsinin əksər hissəsinin gənc və orta yaşlı təcrübəli şəxslərdən ibarət olmasıdır. Yaş qruplarına görə ən çox işçi qüvvəsi (qeyd edim ki, işçi qüvvəsi təsnifatda əvvəllər iqtisadi fəal əhali adlandırılırdı) 30-34 yaş aralığında olan şəxslərdir ki, bu da ümumi işçi qüvvəsinin 14,98%-ni təşkil edir. İkinci yerdə 25-29 yaş aralığında olan işçi qüvvəsidir ki, bu qrupun da nisbəti 13,8%-dir. Üçüncü yerdə 35-39 yaş aralığıdır ki, bu da 13,23% təşkil edir. Ümumilikdə isə işçi qüvvəsinin 51,7%-i 20-39 yaş aralığındadır. 40-54 yaş arası 34,9%, 60-64 yaş qrupu 3,02%, 65 və ondan yuxarı olanlar isə işçi qüvvəsinin 0,87%-ni təşkil edir. 2035-2040-cı illərə qədər mövcud yaş qruplarında yaşlanma və nisbət dəyişsə də, 2032-2033-cü illərə qədər əmək bazarına daxil olan böyük işçi qüvvəsi yaşlanma amilini ciddi şəkildə müsbətə doğru kompensasiya edəcək. Lakin 2040-cı ildən etibarən, xüsusilə 2050-ci ildən sonra daha yüksək nisbətdə yaşlanma müşahidə edəcəyik. Bütün bunları qeyd etməkdə əsas məqsədim odur ki, hazırkı işçi qüvvəsi iqtisadi inkişaf və əmək bazarında həm öz potensiallarını gerçəkləşdirmək, həm də iqtisadi inkişafın təmini baxımından ideal hesab edilə bilər. Düşünürəm ki, bu fakt ölkəmizin iqtisadi potensialının ölçülməsində nəzərə alınacaq əsas amillərdən biridir. Qeyd edim ki, bir ölkəyə investisiya qoymaq düşüncəsində olan investorlar da bunu müsbət faktor kimi nəzərə alırlar.
Əhalinin təhsil səviyyəsinə gəlincə, konkret statistik rəqəmlərə müraciət edək. Bu gün ölkənin işçi qüvvəsinin 16,6%-i ali, 11,3%-i orta ixtisas, 5,8%-i peşə, 59%-i tam orta, 6,5%-i ümumi orta, 0,77%-i isə ibtidai təhsillidirlər. Cəmi 0,04%-nin isə təhsili yoxdur. İşçi qüvvəsinin 66,7%-nin təhsili orta və daha aşağıdır. Çünki Dördüncü Sənaye İnqilabına keçid, texnologiyanın inkişafı əmək bazarında həm ali, həm də peşə təhsillilərin sayının artmasını labüd edir. Əlavə olaraq, əhalinin artım tempini nəzərə alsaq, ali və peşə təhsili üzrə illik kvotaların, planların da artması təbiidir və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə fəaliyyətin daha səmərəli təşkili üçün müvafiq proqramlar qəbul edilir, konkret addımlar atılır.
"Bu gün iqtisadiyyatımız üçün ən böyük şanslardan biri işçi qüvvəsinin əksər hissəsinin gənc və orta yaşlı təcrübəli şəxslərdən ibarət olmasıdır".
İşçi qüvvəsi ilə bağlı dediyim faktların bir neçəsini də ali təhsilli vətəndaşların yaş qruplarının cəmi ali təhsilli vətəndaşlara nisbəti ilə bağlı bəzi göstəricilərlə qeyd etmək istərdim. Ali təhsilli işçi qüvvəsində ən böyük paya 20,41%-lə 20-24 yaş qrupunda olan gənclərimiz malikdir. İkinci yerdə 12,8%-lə 50-54 yaş aralığında olanlar, üçüncü yerdə isə 11,97%-lə 25-29 yaş aralığındakı şəxslərdir. Ümumiyyətlə, 20-39 yaş aralığında olan ali təhsilli vətəndaşlarımız cəmi ali təhsillilərin 52,7%-ni təşkil edir. 40-54 yaş aralığında olan ali təhsillilərin cəmi ali təhsillilərə nisbəti isə 33,71%-dir. Təhlillər ali təhsilli vətəndaşlarımızın sayının ilbəil artırılmasının vacibliyini göstərir. Məsələn, 35-39 yaş aralığında olan ali təhsillilərin cəmi ali təhsillilərə nisbəti cəmi 8,99%-dir. Bunun da öz səbəbləri var. Əlbəttə ki, ölkədə işçi qüvvəsi baxımından ciddi potensialımız var, lakin ali təhsillilərin nisbətinin artırılması və artan nisbətin davamlı qorunması və istifadəsi ilə bağlı işlər görülməkdədir.
Məhz bütün bu amillər nəzərə alınmaqla, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bu istiqamətlərə önəm verilib, dövrün sonuna (2026-cı ildə) ali təhsil müəsisələrinə qəbul olanların sayının hər il 75.000 nəfərə çatdırılması, peşə təhsili yeni (adambaşı maliyyələşmə sistemi) maliyyələşmənin əhatə etdiyi təhsilalanların sayının 12.000 nəfərə çatdırılması nəzərdə tutulub. Əlbəttə ki, heç bir ixtisası, peşə və bacarığı olmayan 66,7% vətəndaşın işlə təmini texnologiyaların da tətbiqinin genişləndiyi bir dövrdə getdikcə çətinləşir. Təsadüfi deyil ki, Agentliyimizdə qeydiyyatda olan işsizlərin arasında bu nisbət daha yüksək olmaqla müxtəlif dövrlərdə 80% ilə 89% aralığında dəyişir. Bu kateqoriyadan olan insanların hər hansı peşə və bacarığa yiyələnərək əmək bazarına daxil olması peşə hazırlığından keçir. Dövlət Məşğulluq Agentliyi olaraq, biz bu kateqoriyadan olan işsizlər üçün qısamüddətli (2-6 ay) peşə hazırlığı keçirik. Burada əsas hədəf işsizlərin peşə və bacarıq səviyyələrini işəgötürənlərin tələblərinə uyğunlaşdırmaqla onları işlə təmin etmək və əmək bazarına cəlb etməkdir. Yeri gəlmişkən, peşə təhsili və peşə hazırlığı arasındakı əsas fərqin də məhz burada olduğunu qeyd etmək istəyirəm. Agentliyimizin nəzdindəki peşə hazırlığı daha çox tələb yönümlüdür. Bu tələbi isə əmək bazarındakı işəgötürənlər formalaşdırır.
Digər aktual məsələ isə diplomu, rəsmi sertifikat və sənədi olmayıb hər hansı bir peşə və bacarığa malik şəxslərlə bağlıdır ki, onların da peşə və bacarıqlarının tanınması istiqamətində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tədbirlər həyata keçirilir və biz də bu sahədə onlarla səmərəli əməkdaşlıq edirik. Əlavə olaraq, məhz bu kateqoriyadan olan şəxslərin muzdlu işlə təmini nisbətən çətin olduğu üçün onların özünüməşğulluq və digər aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi vasitəsilə əmək bazarına qazandırılması istiqamətində addımlar atılır.
- Son dövrlərdə bəzi ali məktəblər öz təhsil məzmunlarını yeniləməyə səy göstərirlər. Sizcə, bu, məzunların əmək bazarının tələblərinə uyğun şəkildə hazırlanması ilə nəticələnirmi?
- Son dövrlərdə bəzi ali təhsil müəssisələrinin məzunlarında keyfiyyət göstəricilərində müsbətə doğru dəyişikliklər hiss olunur. Bizim əsas düşüncə və təkliflərimizdən biri budur ki, ali təhsil müəssisələri ilə sənaye, xidmət sektoru arasında qarşılıqlı səmərəli və sıx əməkdaşlıq olmalıdır. Ali təhsil müəssisələri iqtisadiyyatın tələblərini öyrənərək və nəzərə alaraq, bu tələblər fonunda tədris apardıqda, həmin tələbələr daha praktik, peşəkar və əmək bazarına hazır olurlar.
"Əsas hədəf işsizlərin peşə və bacarıq səviyyələrini işəgötürənlərin tələblərinə uyğunlaşdırmaqla onları işlə təmin etmək və əmək bazarına cəlb etməkdir".
- Bu gün Azərbaycanda hansı istiqamətlər üzrə vakansiyaların əcnəbi mütəxəssislərin hesabına doldurulmasına daha çox ehtiyac var?
- İstər xidmət, istərsə də kənd təsərrüfatı sahələrində əcnəbi mütəxəssislərin təcrübələrinə ehtiyacın hiss olunduğu vakansiyalar, fəaliyyət istiqamətləri mövcuddur. Peşəkar kadr çatışmazlığı dedikdə, daha çox kənd təsərrüfatı haqqında danışılır, lakin xidmət sektorunda da xarici təcrübəyə ehtiyacımız var.
Təhlil və təcrübələr göstərir ki, əmək bazarında sevindirici tendensiyalar da mövcuddur. Məsələn, informasiya texnologiyaları, data analitika, kodlaşdırma sahələrində çox istedadlı gənclərimiz var və yetişməkdədir. Bu sahə üzrə gənclərimiz dünyadakı tendensiyaları öyrənib tətbiq etməkdə daha operativ, daha sürətlidirlər. Burada bir neçə mühüm amilə diqqət yetirilməlidir. Həmin kadrların əmək bazarı tərəfindən həzm olunması, keyfiyyətin davamlı artması və ən əsası, bu sahənin inkişafı üçün zəruri olan ekosistemin formalaşdırılması və təkmilləşdirilməsi vacibdir. Digər tərəfdən, kəmiyyətin gələcəkdə artırılması keyfiyyətə mənfi təsir göstərməməlidir. Çünki məhz bu sahə kadrların peşəkarlıq səviyyəsinə çox həssasdır.
- Bu il işaxtaranların məşğulluğunun təminatı sahəsində hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
- İşədüzəltmə əsas prioritet istiqamətlərimizdən biri kimi qalmaqdadır. Lakin buradakı uğurumuz daha çox əmək bazarında yeni vakansiyalar və onların açılması tempindən asılıdır. Digər tərəfdən, özünüməşğulluq proqramlarımız davam etdirilməkdədir. Lakin qeyd etdiyim kimi, əsas vacib və aktual istiqamətlərimizdən biri peşə hazırlığıdır ki, əmək bazarında müvəffəqiyyətin açarı peşəkarlıqdan, hər hansı bilik və bacarığa sahib olmaqdan keçir. Məşğulluq tədbirlərimizdə əhalinin həssas qrupları, xüsusilə Böyük Qayıdışla bağlı məsələlər diqqət mərkəzimizdə olacaq. Xüsusilə kvota iş yerləri üzrə təminat, əməkhaqqının birgə maliyyələşdirilməsi, müxtəlif layihə və proqramlar vasitəsilə məşğulluğun artırılması əsas hədəflərimizdən olacaq.
"Əmək bazarında müvəffəqiyyətin açarı peşəkarlıqdan, hər hansı bilik və bacarığa sahib olmaqdan keçir".
- Bu il ərzində dövlət məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması sahəsində hansı yeniliklərin tətbiqi gözlənilir?
- Biz, demək olar ki, bütün xidmətlərimizin rəqəmsallaşdırılmasında maraqlıyıq. Fərdi məşğulluq proqramının onlayn tərtibi, işsizlikdən sığorta təyini və ödənişin avtomatlaşdırılması, özünüməşğulluq və digər məşğulluq tədbirlərimiz üzrə onlayn növbə sistemi xidmətlərimizin rəqəmsallaşdırılması istiqamətində atdığımız addımlardan bir neçəsidir. Ən böyük layihələrimizdən olan ƏMAS (“Əmək və məşğulluq” altsistemi) haqqında kifayət qədər məlumatlandırma olduğu üçün təkrara yol vermək istəmirəm. Peşə hazırlığında müasir virtual alətlərdən və texnologiyadan səmərəli və aktiv istifadə nəzərdə tutulur. Məzunların məşğulluq reytinqi üzrə layihəmiz əmək bazarına universitetlər, məzunlar, valideynlər və ümumilikdə cəmiyyətdə müəyyən baxış bucaqlarının dəyişməsi, təkmilləşməsi və rəqabət mühitinin formalaşması üçün önəmli bir məhsuldur. Bu barədə də ictimaiyyət müntəzəm olaraq daha fəal şəkildə məlumatlandırılacaq.