Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduPeşə hazırlığı – işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almasıdır.
Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.
Peşə tədrisi həyata keçirilən 175 peşə-ixtisas sahəsinin siyahısını təqdim edirik.
Peşə hazırlığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” Mərkəzlərinin göndərişi əsasında aşağıdakı hallarda həyata keçirilir:
• işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;
• işaxtaran və işsiz şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə, həmin peşə (ixtisas) üzrə iş tapmaq mümkün olmadıqda və ya həmin peşə (ixtisas) üzrə bacarıqların artırılması zərurəti olduqda.
İxtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə təşkil edilən peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır. Peşə hazırlığının nəzəri hissəsi əyani və ya distant (məsafədən) formada aşağıdakı təlim modulları üzrə həyata keçirilir:
• peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;
• ixtisas sahələri üzrə təlim;
• innovasiyalar üzrə təlim.
Peşə hazırlığının praktiki hissəsində məşğələlər yarım-qruplarda aparılır və peşə hazırlığına cəlb edilmiş müdavimlər peşə hazırlığını həyata keçirən müəssisələrin təlim-istehsalat, təsərrüfat sahələrində, o cümlədən işəgötürənlərin istehsalat bazasında istehsalat təlimi və təcrübəsi keçirlər.
Aşağıdakı şəxslərin peşə hazırlığı Dövlət Məşğulluq Agentliyinin yerli qurumları tərəfindən ödənişsiz təşkil olunur:
• işsiz şəxslərin;
• “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin;
• il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin.
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2.2-ci və 20.2.3-cü maddələri nəzərə alınmaqla, işaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar.
Peşə hazırlığının təşkili zamanı aşağıda qeyd olunan kateqoriyalara aid olan şəxslər üstün hüquqa malikdirlər:
• 3 ildən artıq işləməyənlər;
• peşəsi (ixtisası) olmayanlar;
• şəhid ailəsinin üzvləri.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətdə həyata keçirilir. Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə əlavə təhsilin məzmununa uyğun olaraq peşə hazırlığını həyata keçirən müəssisə tərəfindən möhürlə təsdiq edilmiş diplom, sertifikat və digər sənəd verilir.