Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Təhsil–Təlim–Məşğulluq–Sənaye: Tərəfdaşlıq Konfransı” keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və KVET Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə 18 iyun 2026-cı il tarixində “Təhsil–Təlim–Məşğulluq–Sənaye: Tərəfdaşlıq Konfransı” keçiriləcək.          
 

Konfransın əsas məqsədi dövlət qurumları, təhsil müəssisələri və özəl sektor nümayəndələrini vahid platformada bir araya gətirərək insan resurslarının inkişafı, təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, gənclərin məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də dövlət–özəl sektor–təhsil tərəfdaşlıq mexanizmlərinin və institusional çərçivənin gücləndirilməsi istiqamətində ortaq baxışın formalaşdırılmasına töhfə verməkdir.

 

Konfrans çərçivəsində gələcək əmək bazarı trendləri, bacarıqların transformasiyası, universitet–sənaye əməkdaşlığı və gənc istedadların inkişafı ilə bağlı aktual məsələlər müzakirə olunacaq, ekosistemin mövcud vəziyyəti təhlil edilərək qabaqcıl dünya təcrübəsindəki uğurlu rol-modellərə baxış keçiriləcək. Aktiv iştirakçılığın təşviqi və məhsuldarlığın artırılması məqsədilə konfrans zamanı yerli ekspertlərin təqdimat çıxışları əsasında interaktiv müzakirələrin keçirilməsi nəzərdə tutulub.

 

Tədbirdə dövlət və özəl sektorun, o cümlədən ali təhsil müəssisələrinin nümayəndələri, şirkət rəhbərləri, karyera məsləhətçiləri, təlimçilər və insan resursları üzrə mütəxəssislərin iştirakı ilə əmək bazarının çağırışları və gələcəyin peşələri üzrə panel müzakirələri də təşkil olunacaq, maraqlı tərəflər arasında memorandumlar imzalanacaq.

Həmçinin yekunda əmək bazarının çağırışlarına uyğun gələcəyə yönəlik effektiv həll yolları, alətlər və innovativ ideyaların ümumiləşdirilərək təqdim olunması nəzərdə tutulub.