Dövlət Məşğulluq Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il üzrə 40 mindən çox şəxsin işlə təmin olunması, 16 175 nəfərin özünüməşğulluq proqramına, 4519 nəfərin peşə hazırlığına cəlb edilməsi, 53 438 nəfərin peşəyönümü məsləhət xidmətləri ilə əhatə olunması hədəflənib. 

 

Bunu Dövlət Məşğulluq Agentliyində 2022-ci ildə görülən işlərə dair keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.

 

O, 2022-ci ildə  özünüməğulluq tədbirlərini dəstəkləyən yerli və beynəlxalq tərəfdaşlarla birgə “Biznesini yarat” marafonunun, “Özünüməşğulluğa dəstək”, “Tənha anaların sosial inkişafına dəstək”, “Məktəbim”, “FotoMən 3”, “Cins heyvandarlıq”, “Gənclərin biznes emalatxanası” və “Məşğulluğa dəstək” layihəsinin icra olunduğunu qeyd edib.

 

Dövlət-özəl tərəfdaşlığı əsasında peşə hazırlığı kurslarının hazırda 175 aktual peşə-ixtisas istiqamətini əhatə etdiyini deyən M.Abbasbəyli Agentliyin Bakı, Gəncə və Göyçay üzrə Peşə Hazırlığı Mərkəzlərinin fəaliyyətindən bəhs edib, Bərdə və Quba rayonlarında da Peşə Hazırlığı Mərkəzlərinin yaradılması işləri aparıldığını bildirib.

 

Qeyd olunub ki, əməkhaqqının birgə maliyyələşməsi proqramı çərçivəsində artıq 500 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanaraq 857 şəxs işlə təmin olunub. Bu il Bakı və ölkəmizin bölgələrində keçirilmiş


63 əmək yarmarkasında 550 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 11 mindən çox vakansiya təqdim olunub. Gələn il bu yarmarkaların əhatə dairəsi daha da genişləndiriləcək. Həmçinin bu il 48 min şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib.

 

Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından ibarət 16 416 şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 9 395 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb,  6 806 nəfər isə münasib işlərlə təmin olunub.

 

Məşğulluq sahəsində xidmətlərin rəqəmsallaşdırılması işləri 2022-ci ildə daha geniş vüsət  alıb. Bu ilin may ayında əmək münasibətləri sahəsində bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini təmin edən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib. ƏMAS bu günlərdə təşkil edilən “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyasının qalibi olub. 

 

Növbəti mərhələ olaraq ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə işlər görülür.