Türk iş adamları ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarı, məşğulluq sahəsində aparılan islahatlarda, əmək qanunvericiliyinin təkmilləşdirilməsində sosial tərəfdaşlıq müstəvisində işəgötürənlərlə, habelə türk iş adamları ilə əməkdaşlığa həmişə xüsusi önəm verir.

 

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) üzvləri ilə onlayn formada keçirilən görüşdə vurğulayıb.

 

Nazir müavini son illərdə ölkəmizdə sosial sahədə, həmçinin əmək bazarı, məşğulluq sahələrində aparılan geniş miqyaslı islahatlar proqramı, sosial sahədə tətbiq olunan innovativ yeniliklər barədə məlumat verib. A.Kərimov tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvləri və müharibə iştirakçıları, erməni terrorundan əziyyət çəkən şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərini diqqətə çatdırıb. Artıq 20 mindən çox şəxsin bu dəstək paketi ilə əhatə olunduğunu deyib. 

 

MÜSİAD-Azərbaycanın İdarə Heyətinin sədri Abdurrahman Uzun belə görüşlərin əhəmiyyətini, gələcək əməkdaşlıq üçün  yeni imkanlar yaratdığını qeyd edib.

 

Görüşdə  postmüharibə dövründə ölkəmizdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları, erməni terrorundan əziyyət çəkən şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə dair təqdimatlar edilib. “Əməkhaqqının birgə maliyyələşməsi Proqramı” barədə məlumat verilib. Bu layihə barədə ötən dövrdə MÜSİAD-la  da ilkin danışıqlar aparıldığı, Birliyə üzv işəgötürənlərin işsiz şəxslərin layihə çərçivəsində işlə təmin olunması istiqamətində əməkdaşlığa müsbət yanaşdıqları bildirilib.

 

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə işçi qruplarının yaradılması müzakirə edilib, belə görüşlərin davam etdirilməsinə dair yekdil fikir ifadə olunub, görüş iştirakçılarının sualları cavablandırılıb.

 

alt text