"Təcrübə danışır" layihəsinə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Azərbaycan universitetlərinin Karyera Mərkəzləri ilə əməkdaşlığı çərçivəsində “Təcrübə danışır” adlı silsilə görüşlərə start verilib.


Layihə çərçivəsində ilk görüş Mingəçevir Dövlət Universitetinin Karyera və İnkişaf Mərkəzinin nümayəndələri ilə keçirilib. Mərkəzin nümayəndələri Universitetin əməkdaşlıq etdiyi xarici ölkə universitetləri ilə əməkdaşlıqlarından, həyata keçirdikləri birgə fəaliyyətlərdən danışıb, öz təcrübələrini bölüşüblər.


Müxtəlif universitetlərin karyera mərkəzlərinin əməkdaşlarının iştirak etdiyi görüşdə beynəlxalq təcrübələrin yerli universitetlərdə tətbiq edilməsi, uğurlu layihələr çərçivəsində birgə əməkdaşlıq, təcrübə mübadiləsi və s. kimi mövzular ətrafında qarşılıqlı müzakirələr aparılıb.


“Təcrübə danışır” layihəsi çərçivəsində görüşlərin hər ay keçirilməsi nəzərdə tutulur. Növbəti görüşlərə yerli universitetlərlə yanaşı, xarici universitetlərin nümayəndələri də cəlb olunacaq.