Sosial həssas qruplardan olan vətəndaşların məşğulluğunun təmin olunması barədə onlayn görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə «Sosial həssas qrupdan olan vətəndaşların məşğulluğunun təmin olunmasında dövlət-sahibkar əməkdaşlığı»  mövzusunda onlayn görüş keçirib.

 

Görüşdə Sosial tərəfdaşlarla iş departamentinin müdiri Fatimə Ələkbərova, Məşğulluq tədbirləri departamentinin müdiri Azər Əlizadə, Bakı şəhəri Məşğulluq Mərkəzi Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Qədir İsayev, Kiçik və orta biznesin dostu departamentinin müdir müavini Nicat Namazov, İnzibati ərazi vahidləri üzrə fəaliyyətin təşkili şöbəsinin müdiri Adil Əhmədov, Koordinasiya və icmal şöbəsinin müdiri Nicat Əlizadə müxtəlif istiqamətli biznesləri təmsil edən sahibkarlar iştirak ediblər.

 

Görüşdə ortaq layihə çərçivəsində 2 ildən artıq müddətdə özünüməşğulluq və sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. 400-ə yaxın vətəndaşın müxtəlif istiqamətli biznes zərfləri ilə təmin edildiyi barədə görüş iştirakçıları məlumatlandırılıb. 

 

Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Qədir İsayev şəhid və qazi ailələrinin məşğulluğuna dəstək məqsədi ilə həyata keçirilən, eləcə də prespektivdə olan layihələr barədə görüş iştirakçılarına məlumat verib:

 

 “Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində işəgötürənlər, işsiz və işaxtaran vətəndaşlar üçün imkanlar yaradılıb. Eyni zamanda, təşkil edilən əmək yarmarkalarında işəgötürənlər elan etdikləri vakansiyalara uyğun müvafiq namizədlər tapa bilirlər.

 

Əməkhaqqının birgə maliyyələşməsi proqramı da daxil olmaqla Dövlət Məşğulluq Agentliyinin reallaşdırdığı digər layihələrdə şəhid ailə üzvləri, əlillər, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə üstünlük verilir. Əməkhaqqının birgə maliyyələşməsi proqramı vasitəsi ilə bütün sahibkarları qeyd edilən kateqoriyadan olan şəxslərin məşğulluğuna dəstək olmağa dəvət edirəm”.

 

Sonda Dövlət Məşğulluq Agentliyinin şəhid ailələri, qazi, əlil və müharibə iştirakçılarına xüsusi üstünlük təqdim etdiyi proqram və layihələri barədə görüş iştirakçılarının sualları cavablandırılıb.

 

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi məşğulluğa kömək sahəsində dövlət siyasətini təmin edir, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə aktiv məşğulluq tədbirlərinin təşkilini, işsizlikdən sığorta vəsaitinin idarə edilməsini, habelə aidiyyati dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərini həyata keçirir.

 

alt text