Qusarda “Əmək yarmarkası” keçirilib

İyunun 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Qusarda keçirilən əmək yarmarkasında işaxtaranlara 400-dən çox vakant iş yeri təklif olunub.

 

Quba, Qusar, Xaçmaz Şabran və Siyəzən sakinləri üçün təşkil olunan məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 23 müəssisədə vakant iş yerləri təqdim edilib. Vakansiya təqdim edən müəssisələrin 19-u özəl, 4-ü isə dövlət müəssisəsidir. İş təklifləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq istirahət əyləncə və incəsənət sahəsində fəaliyyət (turizm), kənd təsərrüfatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, emal, xidmət və istehsal sahələrini əhatə edir. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 300-2000 manat arasında dəyişir.

 

Əsas məqsədi işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi olan əmək yarmarkasında müəssisələrdəki vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Həmçinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verilib.

 

Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlığına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.