“Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” layihəsi üzrə ötən il 572 gənc təlimlərə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə BMT İnkişaf Proqramının birgə icra etdiyi “Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” layihəsi üzrə ötən il 572 gənc təlimlərə cəlb edilib.

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ötən ilin ilk aylarında Gəncə, Zaqatala və Sumqayitda təlimlər təşkil edilib. Sonrakı dövrdə COVİD-19 pandemiyası ilə əlaqədar layihənin fəaliyyəti – təlimlərin təşkili onlayn rejimə keçirilib.

 

Təlimlər zamanı  “Peşəkar İnkişaf Təlimləri”, fotoqrafiya, sosial media marketinqi və Microsoft Excel mövzuları tədris edilib. Gələcəyin gənc peşəkarlarına karyera planlaması, təqdimat bacarıqları, tənqidi düşüncə, emosional zəka, şəxsi brendinq, effektiv CV və müsahibə hazırlığı, onlayn biznes bacarıqları haqqında faydalı və praktiki məlumatlar verilib.

 

Eləcə də gənclərin peşəkar kadr hazırlığı və biznes mühiti ilə dialoqunun təşviq edilməsi məqsədilə layihə üzrə “Peşəkar İnkişaf və İnnovasiyalar (PROGRO) Platforması” fəaliyyətə başlayıb.