DMA İdarə Heyətinin sədri AFchamber İnsan Resursları Komitəsi ilə görüşüb

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) İnsan Resursları Komitəsi ilə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin görüşü keçirilib.

 

Agentlik tərəfindən yaradılan “Əmək münasibətləri və məşğulluq altsistemi” – ƏMAS adlı yeni platforma və Agentliyin həyata keçirdiyi yeni layihələr haqqında biznes sektorunu məlumatlandırmaq məqsədilə keçirilən görüşdə müxtəlif beynəlxalq və yerli şirkətlərin nümayəndələri iştirak edib.

 

Açılış nitqi ilə çıxış edən AFchamber-in İcraçı Direktoru Zibər Hüseynova bütün sahələrdə tətbiq olunan yeniliklərin effektivliyinin artırılması üçün dövlət-özəl sektor tərəfdaşlığının dərinləşdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Palatanın bu dialoqun qurulmasında bir platforma kimi aktiv fəaliyyət göstərməyə davam etdiyini bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyindəki qurumlar ilə Palatanın əməkdaşlığı məsələsinə toxunan AFchamber-in İdarə Heyətinin sədri Teybə Quliyeva Nazirlik, özəl sektor və vətəndaşları bir sistemdə birləşdirəcək yeni platformanın- ƏMAS-ın bu əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb. AFchamber İR Komitəsinin sədri Samirə Nəcəfova Komitənin təşkil etdiyi layihələr və hazırda davam edən AFchamber HR Akademiyası barədə auditoriyanı məlumatlandırıb.

 

Tədbirdə qonaq-məruzəçi qismində iştirak edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmək münasibətlərinin daha yaxşı tənzimlənməsi üçün biznes sektoru ilə dialoqun vacibliyini vurğulayaraq bu kimi görüşlərin Agentliyin islahatlar paketinin tərkib hissəsi olduğunu bildirib. Mustafa Abbasbəyli çıxışında Agentliyin son 3 ildəki fəaliyyəti və ümumi strateji məqsədləri barədə məlumat verib. O, rəqəmsallaşmanın islahatların əsas istiqamətlərindən biri olduğunu bildirib və “rəqəmsal məşğulluq” şüarı altında həyata keçiriləcək layihələr haqqında danışıb. Agentliyin ən vacib islahatlarından biri olan ƏMAS haqqında məlumat verən Mustafa Abbasbəyli bu platforma vasitəsilə məşğulluq siyasətinin vahid sistem üzərindən aparılmasının hədəfləndiyini bildirib. Yeni platforma ilə əmək münasibətlərinin tənzimlənməsinə dair kağız üzərində həyata keçirilən bütün prosedurların ləğv olunacağını qeyd edib. O, ümumilikdə, rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr nəticəsində əmək şəraitinin köklü şəkildə dəyişəcəyini vurğulayıb.

 

Görüş biznes sektor təmsilçiləri tərəfindən ünvanlanan sualların cavablandırılması ilə davam edib.

 

alt text