Nazirin nitqi

Bu gün Azərbaycan güclü sosial siyasəti ilə də seçilən dövlətlərdən biridir. Son illərdə vətəndaş rifahının təminatı prinsipinə əsaslanaraq sosial inkişaf istiqamətində mühüm addımlar atmışıq.

 

Bunun nümunəsi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə iki inqilabi sosial paket icra edib. Nəticədə, 4,2 milyon vətəndaşımız ciddi sosial dəstəklə əhatə edilib. Əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlər, eləcə də digər sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə, hətta bir sıra istiqamətlər üzrə iki dəfədən çox artırılıb. Eyni zamanda, təqribən 5 milyona yaxın insanın rifahına yönələn 4 istiqamət üzrə 12 tədbirlər paketi reallaşdırılıb. Bakıda və bölgələrdə yeni reabilitasiya mərkəzləri, sığınacaqlar kompleksi, sosial əhəmiyyətli digər bir sıra yeni müəssisələr yaradılıb.

 

Sosial - təminat, müdafiə, xidmət və ödənişlər, şəhid ailələrinin mənzillə, müharibə əlillərinin mənzil və avtomobillə təminatı sahəsində proqramları ildən-ilə genişləndiririk.

 

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü  ilə Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” - DOST Agentliyi yaradılıb. Agentliyin DOST mərkəzləri məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, bu xidmətlərdə şəffaflığın artırılmasına, innovativ həllərin tətbiqinə və vətəndaş məmnunluğuna imkan verir. Artıq üç DOST mərkəzi fəaliyyətdədir və 2020-25-ci illərdə daha 31 DOST mərkəzinin yaradılmasını  nəzərdə tuturuq.

 

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi isə işsiz və işaxtaran şəxslərin aktiv məğulluğa və peşə hazırlığına cəlb edilməsi sahəsində təqdirəlayiq işlər görür. Təkcə 2019-2020-ci illərdə təqribən 9 min nəfər işsiz və işaxtaran şəxs peşə hazırlığına cəlb edilib.  Hazırda Agentlik vətəndaş yönümlü, innovativ dəyər və prinsiplər əsasında fəaliyyətini möhkəmləndirmək üçün 2021-2025-ci illəri əhatə edən strategiya planını tətbiq edir.

 

Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı sistemini də inkişaf etdirir və genişləndirir. Burada məqsəd bölgələrdə işsiz və işaxtaran vətəndaşlar üçün müasir tələblərə uyğun peşə hazırlığı infrastrukturunun formalaşdırılması, bu sahədə xidmətin keyfiyyətinin və əlçatanlığının artırılmasıdır. 2030-cu ilədək nazirliyin regional peşə hazırlığı mərkəzlərinin sayının 10-a çatdırmağı planlaşdırırıq. Eyni zamanda, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində 2020-ci ildən beynəlxalq sertifikatlı (ISO) mütəxəssis hazırlığına başlanılıb.

 

Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi əsas aktiv məşğulluq tədbirlərindən biri də özünüməşğulluq proqramıdır. Proqram çərçivəsində 2019-cu ildə  10 352 nəfər, 2020-ci ildə isə 12 min nəfər özünüməşğulluğa cəlb edilərək verilmiş aktivlər hesabına ailə təsərrüfatlarını yaradıblar.

 

Əminəm ki, hazırlanmış strategiya planı vətəndaş və dövlət qarşısında böyük vəzifə və öhdəliyi olan Agentliyin strateji baxışına, məqsədlərinə nail olmasına əhəmiyyətli töhfə verəcək.

 

 

Sahil Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri