“Sosial bağlar” layihəsinə müraciət qəbulu davam edir

Özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilən “Sosial bağlar” layihəsinə ötən aydan başlanan müraciətlərin qəbulu sentyabr ayınadək davam edəcək.

 

Dövlət Məşğulluq Agentliyinin icra etdiyi layihəyə bu il 300 nəfərin cəlb olunması nəzərdə tutulub.

 

Layihə bağçılıq üçün əlverişli olan 20 rayonu (Ağsu, Astara, Göyçay, İsmayıllı, Kürdəmir, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəmkir, Xaçmaz, Zaqatala) əhatə edir. Həmin rayonlar üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə müraciət edə bilər.

 

Layihə çərçivəsində vətəndaşlar üçün dövlət dəstəyi ilə biznes istiqamətli bağçılıq  təsərrüfatları yaradılır, eləcə də belə təsərrüfatların genişləndirilməsi təmin olunur.

 

Layihə iştirakçılarına dair tələblər aşağıdakılardır:

 

  • Bağa baxmağa istək və təcrübəli olmalıdır;
  • Əmlakdan təyinatına uyğun istifadə etməli, bağ salınıb təhvil verildikdən sonra ona düzgün qulluq etməlidir;
  • Bağ təhvil verildikdən sonra onun saxlanmasına iştirakçı bilavasitə məsuliyyət daşıyır;
  • Yerli məşğulluq mərkəzlərində təşkil olunan müvafiq təlimlərdə iştirak etməlidir;
  • Podratçının və yerli məşğulluq mərkəzlərinin nümayəndələrinə bağda monitorinq keçirilməsinə, təhvil-təslim edilməsinə, video və foto çəkilişlərin aparılmasına şərait yaradılmalıdır;
  • Bağın və ona təhvil verilmiş əmlakın 1 il ərzində üçüncü şəxslərin istifadəsinə və sərəncamına verilməsı qadağandır.

 

Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürülür.

 

Şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə layihəyə cəlb olunmaqda üstünlük verilir. Proqrama aşağıda qeyd olunan müraciət formasını tamamlamaqla və ya müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə müraciət etməklə müraciət etmək mümkündür.

 

Son müraciət tarixi 20 sentyabrdır.