"İrəliləyİş" layihəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə "İrəliləyİş" layihəsinə start verilib.

Layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını inkişaf etdirmək üçün həmin təcrübə proqramlarında iştirakını təmin etməkdir.

Layihə çərçivəsində 1500 ali və ya orta-ixtisas təhsilini bitirən, 29 yaşadək işsiz gənc təlimlərdə və təcrübə proqramlarında iştirak etmək imkanı qazanacaq.

Onlara “Əmək bazarının tələbləri”, “Düzgün CV/Rezyume hazırlanması”, “Müsahibəyə hazırlıq”, “Natiqlik və təqdimat bacarıqları”, “Şəxsi-brendinq”, “İstək və rəsmi e-məktubların yazılması”, “Tənqidi düşüncə və problemlərin yaradıcı həlli”, “Vaxtın idarəedilməsi”, “Liderlik və komanda işi”, “Ünsiyyət bacarıqları və böhran idarəetməsi” və s. mövzularda təlimlər keçiriləcək.

Təlimləri uğurla bitirən gənclər daha sonra şirkətlərdə 2 aylıq təcrübə proqramlarında iştirak edəcəklər.

Layihədə iştirak etmək istəyən namizədlərin aşağıda qeyd edilən "Müraciət et" düyməsinə keçid edərək müraciət formasını doldurması ilk şərtlərdəndir.