PGM CASPİAN MMC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “PGM Caspian” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edir. 

 

Tərəflər işaxtaran və işsiz şəxslərin, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların aktiv əmək bazarına cəlb edilməsi, dövlət-özəl əməkdaşlığı çərçivəsində əmək bazarında aktual peşə və ixtisas istiqamətləri üzrə qısamüddətli peşə hazırlığı kurslarının təşkilinin optimallaşdırılması, eləcə də peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, effektivliyinin artırılması və bu sahədə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əməkdaşlıq edirlər.

 

Birgə əməkdaşlıq memorandumunu əsas götürərək tərəflər arasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi nəzdində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzlərində təlim-tədris prosesinin beynəlxalq standartların tələblərinə uyğun təşkili istiqamətində əməkdaşlıq həyata keçirilir.

 

Əməkdaşlığın əsas məqsədi Mərkəzlərdə təlim-tədris otaqları, laboratoriya və emalatxanaların yaradılması üçün texniki məsləhətləşmələrin aparılması, təlim-tədris prosesinin, pedaqoji heyətin qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsinin həyata keçirilməsi, eləcə də fəaliyyət istiqamətlərinə uyğun birgə layihələrin keçirilməsidir.

 

Layihələr tərəflərarası bağlanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir.

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə PGM Caspian MMC arasında əməkdaşlıq haqqında memorandum