Haqqı ödənilən ictimai işlər

Xidmət haqqında qısa məlumat

Haqqı ödənilən ictimai işlər – müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. Bu xidmət müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədi ilə həyata keçirilir.

 

Haqqı ödənilən ictimai işlərə necə müraciət etmək olar?

Haqqı ödənilən ictimai işlər üçün müraciətlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzlərində qəbul edilir. Məşğulluq imkanlarının qiymətləndirilməsi nəticəsində aşağı məşğulluq imkanları olduğu müəyyən edilən işsiz və işaxtaran şəxslər haqqı ödənilən ictimai işlərə cəlb edilmək üçün uyğun hesab edilir və daha sonra “Haqqı ödənilən ictimai işlərin növbəlilik reyestri”nə daxil edilir.

 

Haqqı ödənilən ictimai işlərə kimlər cəlb edilə bilər?

Haqqı ödənilən ictimai işlərə uyğunluğu müəyyən edilmiş, “Haqqı ödənilən ictimai işlərin növbəlilik reyestri”nə müvafiq olaraq növbəsi çatmış işsiz və ya işaxtaran şəxslər işəgötürənin razılığı əsasında ictimai işlərə cəlb edilə bilər.  İşsizlikdən sığorta ödənişi almayan şəxslər ictimai işlərə cəlb olunmaqda üstün hüquqa malikdirlər. 

 

Haqqı ödənilən ictimai işlər təşkil olunan müəssisələr hansılardır?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemininin "Məşğulluq" altsisteminə daxil olub Vakansiyalar bölməsinə keçid etməklə haqqı ödənilən ictimai işlər təşkil olunan müəssisələr və bu müəssisələrin təqdim etdiyi vakansiyalar ilə tanış olmaq olar. 

 

Haqqı ödənilən ictimai işlərin növləri hansılardır?

İctimai işlərin aşağıdakı növləri təşkil edilə bilər:

- şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması;

- yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri;

- yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi;

- kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər;

- təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri;

- qocalara, əlilliyi olan şəxslərə qulluq;

- digər sosial əhəmiyyətli işlər.

 

Haqqı ödənilən ictimai işlər hansı müddətə təşkil olunur?

İctimai işlər bir qayda olaraq 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər. Haqqı ödənilən ictimai işlərdə iştirak etmək istəyən şəxslərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanır.

 

Haqqı ödənilən ictimai işlərə cəlb olunan şəxslərin hüquqları:

İctimai işçinin işlədiyi müddət barədə əmək kitabçasında qeydiyyat aparılır və ümumi əmək stajına daxil edilir. Eyni zamanda onlara pensiya təminatı və müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət almaq hüququ daxil olmaqla bütün sosial təminatlar şamil edilir. Əmək qanunvericiliyinə uyğun olaraq ictimai işçilərə 5 günlük və 8 saatlıq iş vaxtı müəyyən edilir.

 

Haqqı ödənilən ictimai işlərə cəlb edilmiş şəxsin əmək müqaviləsinə hansı hallarda xitam verilir?

İctimai işçinin əmək müqaviləsinin müddətinin bitməsi və ya işə davamiyyəti ilə bağlı aparılmış monitorinq tədbirləri nəticəsində üzrsüz səbəbdən iş yerində aşkar edilmədiyi hallarda ictimai işlərə cəlb edilmiş şəxsin əmək müqaviləsinə xitam verilir.

 

 

Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.