Sosial müəssisələrin yaradılması

Sosial müəssisələrin yaradılması

Dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə təminatlar verir.

 

Sosial müəssisə – sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxsdir.

 

Sosial müəssisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və hüquqi və ya fiziki şəxs tərəfindən  “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 97 nömrəli Qərarının tələblərinə uyğun olaraq yaradılır.

 

Sosial müəssisələrin yaradılması zamanı aşağıdakı tələblərə riayət edilməlidir:

 

- Əmək Məcəlləsinin 54-cü maddəsi ilə müəyyən edilmiş əmək şəraiti ilə təmin olunmalı;

- əlilliyi olan şəxslər üçün nəzərdə tutulan iş yerləri Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”na uyğun yaradılmalı;

- əlilliyi olan şəxslər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramı” nəzərə alınaraq iş yerləri ilə təmin olunmalı;

- əmək müqaviləsi bağlanılarkən, qadınların və yaşı 18-dən az olan işçilərin işləməsi müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahısı nəzərə alınmalıdır.
 

Sosial müəssisələrin standartları aşağıdakılardır:

 

- işçilərin orta illik sayının azı 80 faizini Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin ərazi məşğulluq mərkəzləri filialları və ya “DOST” mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər təşkil edirlər;

- şəxslərə məşğulluq imkanlarının artırılması üçün iş yerində təlim, o ümlədən peşəyönümü və peşəhazırlığı istiqamətində məsləhət xidmətləri göstərilir;

- şəxslərin peşə-əmək reabilitasiyası ilə bağlı tədbirləri həyata keçirilir.

 

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər:

 

- əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar;

- şəhid ailəsinin üzvləri;

- 20 yaşadək gənclər;

- yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər;

- pensiya yaşına iki ildən az qalmış şəxslər;  

- cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər;

- məcburi köçkünlər.