Qeyri-formal məşğulluğa nəzarət

Qeyri-formal məşğulluğa nəzarət

"Məşğulluq haqqında" Qanuna əsasən qeyri-formal məşğulluq -  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir. 


Qeyri-formal məşğulluq kölgə iqtisadiyyatının əsas göstəricisidir. İşçi ilə qeyri-formal əmək münasibətləri işəgötürənin vergi və məcburi sığorta ödəmələrindən yayınmaq məqsədinə xidmət edir. Lakin belə hallar bir tərəfdən işçinin gələcək sosial müdafiə hüquqlarını, pensiya təminatını sual altında qoyur.


Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirləri bu sahədə nəzarəti həyata keçirən orqanlar tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir.


Sözügedən elektron informasiya ehtiyatı əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyası əsasında yaradılır.


Məşğulluq sahəsində lazımi məlumatları özündə əks etdirən informasiya sistemləri və ehtiyatlarının “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası nəticəsində qeyri-formal məşğulluğun aşkar edilməsi imkanları, ümumən müasir texnologiyalardan geniş istifadə etməklə nəzarət tədbirlərinin səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq.


Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar aşağıdakılardır:

 

-    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
-    İqtisadiyyat Nazirliyi
-    Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi


Nəzarət orqanları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qeyri-formal məşğulluğun səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparır, risk qruplarını müəyyən edir, risk qiymətləndirilməsi sistemini tətbiq edir, preventiv və nəzarət tədbirləri həyata keçirirlər.

 

Respublika və ərazi məşğulluq proqramlarının hazırlanması

 

Ərazi Məşğulluq Proqramları regional və yerli səviyyədə məşğulluq vəziyyətini yaxşılaşdırmaq üçün məşğulluq siyasətini digər siyasətlərlə daha yaxşı əlaqələndirmək üçün tətbiq olunan yerli tərəfdaşlıq proqramlarıdır.

 

Əsas istiqamətlər aşağıdakılardır:

 

  • resursların effektivliyini və səmərəliliyini artırmaq
  • müəyyən olunmuş hədəf qruplarına dəstəyi artırmaq
  • mövcud iş yerlərini qorumaqla, yeni iş yerlərini yaratmaq
  • həyat standartlarının davamlılığını qorumaq 

 

Ərazi məşğulluq proqramları adətən 4 əsas məqsəddən ibarət olur.
 

  • yeni iş yerlərinin yaradılması
  • yerli insanların məşğulluğunun artırılması
  • insanlara iş tapmaq üçün köməyin göstərilməsi
  • əhali qrupları arasında bərabərsizliyin azaldılması

 

Respublika Məşğulluq Proqramı Ərazi Məşğulluq Proqramları əsasında hazırlanan sənəddir. Bu sənəd əhalinin məşğulluğuna kömək göstərilməsini nəzərdə tutmaqla yanaşı əmək bazarı təhlili əsasında növbəti il üçün proqnoz göstəricilərini əks etdirir. 

 

Statistik məlumatlar eləcə də proqnoz göstəricilər aşağıdakı kimi formalaşır:

 

  • əmək bazarının hesablanması
  • yeni iş yerləri haqqında məlumat
  • fərdi sahibkarlıqla məşğul olanlar
  • illər üzrə əsas göstəricilər
  • vətəndaşların peşə hazırlığına cəlb olunması 
  • vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması 
  • işaxtaran kimi qeydiyyatda olanların peşə və ixtisas üzrə bölgüsü
  • sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşların kvota iş yerləri 
  • proqramda nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı
  • vətəndaşların özünüməşğulluq proqramına cəlb olunması