Məşğul şəxslərin reyestrinin aparılması

Məşğul şəxslərin reyestri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə məşğul şəxslərin reyestrini elektron formada aparır.

 

Reyestr “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına və bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq dövlət dilində aparılır.

 

Məşğul şəxslər kimlərdir?

 

  • Muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
  • Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
  • Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
  • Haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
  • Ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
  • Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
  • Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

 

Məşğul şəxslər barədə məlumatları kimlər əldə edə bilər?

 

  • Reyestrin məlumatlarından fərdi məlumatların mühafizəsinə dair tələblər nəzərə alınmaqla istifadə olunur.
  • Reyestrdə olan məlumatlardan istifadə etmək üçün dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, elmi müəssisə və təşkilatlar və digər hüquqi və fiziki şəxslər Nazirliyə əsaslandırılmış sorğu ilə müraciət edə bilərlər.
  • Fiziki şəxslər reyestrdə yalnız özləri ilə bağlı məlumatları sorğu edə bilərlər.
  • Sorğu edilmiş məlumat və ya həmin məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab sorğunun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində Nazirlik tərəfindən verilməlidir.