İşədüzəltmə vasitəçilərinin reyestri

İşədüzəltmə vasitəçilərinin reyestri

Kimlər işədüzəltmədə vasitəçilik  fəaliyyəti ilə məşğul ola bilər?

 

Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən “Məşğulluq haqqında”  Azərbaycan  Respublikasinin Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

 

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində “Müraciət - Ərizə” elektron formada (interaktiv qaydada) aşağıdakı məlumatlar daxil edilməklə doldurulur:

 

  • hüquqi şəxsin adı;
  • hüquqi şəxsin hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları;
  • hüquqi şəxsin təşkilati-hüquqi forması;
  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumu üzrə həmçinin qeydiyyat nömrəsi;
  • hüquqi şəxsin hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;
  • hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar;
  • hüquqi şəxsin ləğvetmə prosesində olub-olmaması.

 

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair  tələblər hansılardır:

 

  • reyestrdə qeydiyyatdan keçməlidir;
  • iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır;
  • işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatları ilə bağlı Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir;
  • Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir.